25 Mart 2023, 23:30

AI dəstəyi ilə Tvinninq layihəsi çərçivəsində Finlandiyaya səfər baş tutmuşdur

AI dəstəyi ilə Tvinninq layihəsi çərçivəsində 20-24 mart 2023-cü il tarixlərində Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin bir qrup əməkdaşından ibarət nümayəndə heyətinin Finlandiyaya səfəri baş tutmuşdur.

Səfər zamanı Finlandiya Meteorologiya İnstitutunda (FMİ) görüş və silsilə seminarlar təşkil edilmiş,
22.03.2023 tarixdə nazir müavini Umayra Tağıyeva FMİ direktoru professor Jussi Kaurola arasında görüş keçirilmiş, ötən dövrdə FMİ və MHX arasında yaranmış işgüzar əlaqələrin hidrometeoroloji xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən erkən xəbərdarlıq sisteminin qurulmasına töhvə verəcəyi bildirilmişdir.

23.03.2023 tarixdə isə Umayra Tağıyeva Finlandiya Ətraf Mühit nazirinin müavini, dövlət katibi xanım Terhi Lehtonen tərəfindən qəbul edilmişdir.

İşgüzar şəraitdə keçən görüş zamanı, ötən dövrdə ölkələrimiz arasında yaranmış əməkdaşlıq əlaqələrinin müsbət dinamikası vurğulanmış, Azərbaycan Respublikasında iqlim dəyişmələri sahəsində aparılan mütərəqqi siyasət, işğaldan azad edilmiş ərazilərimizdə netto-sıfır emissiya zonasının yaradılması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Ölkənin su ehtiyatlarının iqlim dəyişmələrinə həssaslığı, işğaldan azad edilmiş ərazilərdə dövlət investisiya layihələri çərçivəsində əsas çaylarda avtomatik hidroloji şəbəkənin yaradılması, transsərhəd çaylarda keyfiyyət sensorların quraşdırılması haqqında məlumat verilib.

Eyni zamanda Oxçuçayda davam edən ekoloji böhranın son qoyulmasına mümkün beynəlxalq cəmiyyətin təsir vasitələrindən istifadələrinə çağırmışdı.

24.03.2023 tarixdə isə nümayəndə heyətinin Finlandiya Ətraf Mühit İnstitutunda görüşü baş tutmuşdur. Görüş zamanı ölkəmizdə su təsərrüfatının effektiv idarəçiliyi, habelə su ehtiyatlarının mühafizəsi üzrə adı çəkilən institutda hazırlanmış modelləşdirmə, proqnozlaşdırma və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə edilmiş, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün konkret yol xəritəsinin hazırlanması təklif edilmişdir.

Səfərin sonunda ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin bir qrup əməkdaşından ibarət nümayəndə heyəti təşkil edilmiş görüşlər və seminarlarda fəal iştirakına görə müvafiq sertifikatlarla təltif edilmişlər.