Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib

19 Fevral 2021, 17:00

Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib


Türkiyənin Meteorologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan Forumda türkdilli ölkələrin meteorologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

 Tədbirdə əvvəlcə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, son dövrlər iqlim dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə meyilli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti səmərəli şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir. Məsələnin həlli, bir tərəfdən təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır, digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər. Dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.

 Qeyd etmək istəyirəm ki, meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizdə meteoroloji stansiyalar avtomatlaşdırılıb, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırılıb.

 Meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruriliyini vurğulayan nazir bildirib ki, Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, “TURKMETCAP” proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozlarının hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır. Forumun iştirakçısı olan türkdilli ölkələrlə ətraf mühitin müxtəlif sahələri, o cümlədən meteorologiya sahəsi üzrə ikitərəfli formatda səmərəli əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, türkdilli ölkələrin regional platformalar, o cümlədən “Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlıq davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik.

 Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurduğunu diqqətə çatdıran M.Babayev deyib ki, uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur sıradan çıxarılıb. Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb. Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək.

“Meteoroloji infrastrukturun təhlükəli meteoroloji hadisələrin vaxtında proqnozlaşdırılmasında və zəruri qabaqlayıcı tədbirlərin görülməsində böyük rolu var. Gələcək planlarımızın uzlaşdırılması və birgə fəaliyyətimiz iqlim çağırışlarına dayanıqlı olmağa zəmin yaradacaq. Bu baxımdan, türkdilli ölkələrin meteorologiya sahəsinə cavabdeh qurumları arasında sıx əməkdaşlığı vacib hesab edirəm”.