24 İyun 2022, 17:43
“Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə” mövzusunda tədbir keçirilmişdir
Cari ilin 24 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinin iclas zalında Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun təşəbbüsü ilə İqlim dəyişmələri mərkəzinin baş mütəxəssisi Əhmədova Nazilə tərəfindən Xidmətin əməkdaşları üçün “17 Iyun - Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə” mövzusunda prezentasiya təqdim olunmuşdur.
Təqdimatda son illərdə dünyada baş verən quraqlıqların və iqlim dəyişmələrinin səhralaşmanı sürətləndirərək ekosistemə necə ciddi təsirlərin göstərdiyi izah olunmuşdur. Eləcə də qlobal istiləşmə, eyni zamanda ekstensiv kənd təsərrüfatı fəaliyyəti, heyvandarlığın köçəri və yarım-köçəri üsullarından istifadə, həddindən artıq otarılma, qeyri-rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqinin eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olmasından ətraflı bəhs edilmişdir. Həmçinin səhralaşmanın səbəbləri, iqlim dəyişmələri, antropogen fəaliyyətlər, o cümlədən meşələrin qırılmasının səhralaşmaya təsirləri, habelə müvafiq konvensiya çərçivəsində Azərbaycan Respublikasında səhralaşmaya qarşı həyata keçirilən kompleks tədbirlər və digər vacib məsələlər haqqında ətraflı bəhs edilmiş, çıxış yolları barədə müzakirələr aparılmışdır.
Mövzu və təqdimat iştirakçıların böyük marağına səbəb olmuş, müvafiq metodologiyaların öyrənilməsi üzrə konkret tövsiyələr verilmişdir.