17 May 2022, 11:00

"Kənd təsərrüfatında iqlim baxımından Ağıllı texnologiyalar:Türkiyə təcrübəsi" (Climate Smart Agriculture, CSA) mövzusunda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi (TC Tarım ve Orman Bakanlığı) arasında onlayn seminar keçirilmişdir.

Seminarda Torpaq Qoruma və Ərazi Dəyərləndirmə İdarəsinin (Toprak Koruma ve Arazi Değerlendirme Daire Bakanlığı) rəisi Mustafa Gezici tərəfindən bu sahədə görülmüş işlər haqqında prezentasiya təqdim edilmişdir. Həmçinin, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni texnologiyalardan istifadə sahəsində təcrübə mübadiləsinin və istehsalın genişləndirilməsi barədə müzakirələr aparılmışdır.

Eyni zamanda, görüşün sonunda Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən iki qardaş dövlət arasında “Ağıllı Kənd” təsərrüfatı texnologiyaları sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi və bu kimi görüşlərin silsilə formasında davam etdirilməsi təklif olunmuşdur. Qeyd olunan istiqamətdə gələcəkdə də nazirliklərarası tədbirlərin keçirilməsi barədə razılıq əldə edilmişdir.