13 May 2022, 14:21
“Beynəlxalq İqlim Günü” münasibətilə və “Şuşa İli” ilə bağlı cari ilin 13 may tarixində Milli Hidrometeorologiya Xidməti (MHX) tərəfindən BDU-da seminar keçirilmişdir.
"Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən 13 may 2022-ci il tarixində Bakı Dövlət Universitetində “Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişafı perspektivləri” adlı seminar keçirilmişdir.
Açılış sözü ilə Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, fizika elmləri doktoru Mais Süleymanov çıxış etmişlər.
Seminarda Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fuad Hümbətov “İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının ölkənin ekoloji təhlükəsizlik və dayanıqlı inkişafına töhfəsi” mövzusunda, habelə Xidmətin Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsinin müdiri Əkbər Əsgərov “İşğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası” mövzusunda təqdimatlarıa çıxış etmiş, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, ekoloji təmiz, yaşıl iqtisadi inkişaf mərkəzi kimi dünyanın ən cəlbedici məkanı, elmi, mədəni, turistik mərkəzinə çevrilməsi üçün hazırda hökumətimiz tərəfindən ardıcıl effektiv fəaliyyətin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırmışlar. Maraqlı tədbir BDU-nun professor-müəllim heyəti və tələbələrin fəal iştirakı ilə sual-cavab sessiyası formatında yekunlaşmışdır.
Seminarın sonunda Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən xüsusi tərtib olunmuş hava sertifikatları və təşəkkürnamələr təşkilati dəstək üçün Bakı Dövlət Universitetinin rəhbərliyinə və seminarda ən fəal iştirak etmiş tələbələrə təqdim olunmuşdur.