
11 May 2022, 16:00
Yaz fəslində müşahidə olunan təhlükəli atmosfer hadisələri və dolunun xarakteristikası
İlin ən gözəl fəsillərindən biri bahardır. Yazda ağaclar çiçək açır, havanın temperaturu artmağa başlayır. Xüsusilə bu mövsümdə yerli hava çox dəyişkən olması ilə əlaqədar olaraq leysan, şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də müşahidə olunur. Bəzən bu yağışlar təsərrüfata ciddi ziyan vurur.
Əsasən ilin isti dövrünə xas olan topa yağış buludları topa və tutqun olur. Bu buludlar Günəşin qarşısını kəsərək işıqlanmanı kəskin azaldır. Onların fonunda bir sıra hallarda göy qurşağı müşahidə olunur. Bu buludlar aşağı səviyyələrdə su damcılarından, yuxarıda isə buz kristalları və ya qarışıq tərkibdən ibarət olur. Topa-yağış buludlarının yuxarı sərhəddi 13-15, bəzən isə 18 km-ə çata bilir. Topa-yağış buludlarından çox vaxt ildırımla müşaiyət olunan leysan yağışları, bəzən isə dolu yağır, qasırğa küləyi əsir. Bu baxımdan topa-yağış buludlarını tufanlı buludlar da adlandırırlar.
Topa xarakterli buludların yaranması üçün əsas şərtlərə yüksək atmosfer temperaturu, bol rütubət və səth temperaturu, səth örtüyünün qeyri-bircinsliyini, oroqrafiyanı və s. aid etmək olar. Topa-yağış buludlarının formalaşması güclü topa buludların yuxarı sərhəddinin mənfi temperatur, kristallaşma təbəqəsinin yaranması yağıntıəmələgəlmə prosesini başladır. Bu zaman buludun yuxarı hissəsində xırda buz kristalları əmələ gəlir ki, onlar da əvvəlcə bərk haldan birbaşa buxar halına keçməsi, sonra isə ifrat soyumuş su damcıları böyüyərək, iri damcılı leysan yağışları, bəzən isə dolu şəklində yerə düşür.
Ümumdünya Meteorologiya Təşkilatının qəbul etdiyi təsnifata əsasən, ildırım-dolu proseslərinin bulud sistemləri inkişaf dinamikası,yaranma şəraitindən asılı olaraq təközəkli, çoxözəkli və superözəkli ola bilir.
Təközəkli proseslər lokal ildırımlar da adlandırılır və əsasən dağlıq ərazilərdə günortadan sonra yer səthinin maksimum qızması zamanı müşahidə olunur. Bu buludlardan əksər hallarda qisamüddətli leysan yağışları, bəzən intensiv dolu düşməsi də müşahidə edilir və əksərən Kiçik Qafqazın şimal və şimali-şərq yamaclarında (Tovuz, Gədəbəy, Daşkəsən və Göygöl rayonları) qeydə alınır.
Atmosferin külək rejimindən asılı olaraq müxtəlif struktura və inkişaf dinamikasına malik çoxözəkli proseslər Azərbaycan ərazisində əsasən Kiçik Qafqazın şimal və şimali-şərq yamaclarında müşahidə olunur.
Ən güclü doluvurmalar və dünyanın bir çox regionlarında müşahidə olunan “tornado” hadisəsi məhz superözəkli proseslərlə əlaqədardır.
Superözəkli proseslər dağlıq ərazilərdən dağətəyi və düzənlik ərazilərə çıxdıqda adətən güclənirlər. Dolunun daha çox təkrarlanması dağlıq ərazilərdə müşahidə olunsa da, daha intensiv və fəlakətli doluvurmaları dağətəyi və onlara bitişik olan düzənlik ərazilərdə gözləmək lazımdır. Buna misal olaraq 20 iyun 2017-ci ildə Kiçik Qafqazın şimal, şimal-şərq yamaclarında müşahidə olunan superözəkli güclü ildırım dolu prosesini göstərmək olar. Prosesin maksimum göstəricisi Göygöl rayonunun Hacıkənd qəsəbəsində qeydə alınmışdır. Əraziyə 7 dəqiqə ərzində yağan dolunun diametri 10 sm-dən böyük olmuşdur və rayonun strukturuna ciddi ziyan vurmuşdur. Azərbaycan ərazisində qeydə alınan ildırım-dolu proseslərinin 8%-i təközəkli proseslərə, 46%-i çoxözəkli proseslərə, 17%-i superözəkli proseslərə və 11%-i isə hibrid proseslərə aiddir.